Küçələrdən meydanlara MFL
MFL 2018-2019Yeni mövsüm start götürüb

Qaydalar

2018-2019-cu il mövsümü üçün MFL MMC tərəfindən təşkil olunan “MFL United Sport Liqası” turnirinin (bundan sonra Turnir)

Əsasnaməsi

  1. Əsas müddəalar

Bu qaydalar Turnirdə iştirak edən komandaların və təşkilinə cəlb olunmuş digər üzvlərin hüquqlarını, vəzifələrini və məsuliyyətini müəyyən edir.

  1. Məqsəd və vəzifələr

Turnir aşağıdakı məqsədlər üçün keçirilir:

  • Yüksək səviyyədə təşkil edilmiş turnir çərçivəsində futbol oynayan daha çox həvəskar komandaları birləşdirmək
  • Turnirin qalibini müəyyən etmək
  • Həvəskar futbolçular arasında futbolun təbliği və kütləviliyini təmin etmək
  • Gənc futbolçuların ustalığının yüksəldilməsi
  • Komandaların mövsümün yekununda tutduqları yerlərin müəyyən edilməsi.
  1. Yarışlara rəhbərlik
    1. Turnirin keçirilməsini və nəzarətini MFL MMC (bundan sonra Təşkilatçı) həyata keçirir.
    2. Turnirə MFL MMC və AFFA nəzarət edirlər.
    3. MFL MMC-nin və AFFA-nın nümayəndələri oyunlarda nəzarətçi qismində iştirak edə bilər.
  1. İştirakçıların müəyyən olunması
    1. MFL-də komandalara iştirak hüququnu MFL MMC verir.
    2. Turnirdə bir komanda bir ad altında təmsil oluna bilər. Mövsümün ortasında komandanın adının dəyişdirilməsi yalnız Təşkilatçının razılığı əsasında olmalıdır. Şirkət adının istifadə olunacağı təqdirdə komanda Təşkilatçı tərəfindən müəyyən olunmuş əlavə vəsait köçürməlidir.
  1. Qeydiyyat qaydaları
    1. Tərkibində minimum 10, maksimum 15 nəfər olan istənilən komanda qeydiyyatdan keçə bilər. Bunlardan ən azı 2 nəfəri qapıçı olmalıdır.
    2. Həmçinin komanda kapitanını və vitse-kapitanını da qeyd etməlidir.
    3. Eləcə də komanda iki məşqçi bəyan edə bilər.
    4. Meydanda eyni anda 5 oyunçu və 1 qapıçı ola bilər.
    5. Texniki zonada 2 məşqçi, eyni zamanda adları sifariş vərəqəsində göstərilən və Təşkilatçı tərəfindən komandanın üzvü kimi qeydiyyata alınan oyunçular dayana bilər.
    6. Komanda heyəti MFL MMC tərəfindən hazırlanan sifariş anketi vasitəsi ilə və əvvəlcədən müəyyən edilmiş vaxtda təqdim olunmalıdır. Sifariş sənədləri MFL və AFFA tərəfindən yoxlanıldıqdan sonra MFL MMC-də və AFFA-nın Qeydiyyat və Statistika şöbəsində saxlanılır.
    7. Sənədlər tələb olunan tarixdən gec təqdim olunduğu təqdirdə komanda liqaya buraxılmaya bilər.
    8. İlk müraciət edən 80 komandanın müraciətlərinə baxılır və qeydiyyat prossesinə daxil edilir. Qeydiyyat tələblərini lazımi qaydada yerinə yetirməyən komandalar prosesdən kənarlaşdırıldığı təqdirdə növbəti ərizənin müraciəti tarixinə uyğun olaraq digər komanda qeydiyyat prosesinə cəlb olunur.
    9. Sifariş vərəqəsində göstərilməyən şəxslər oyunlar keçirilən zaman meydançaya və texniki zonaya buraxılmır.
  1. Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur:
    1. Komanda qeydiyyat üçün Təşkilatçı tərəfindən müəyyən edilən məbləğdə ödəniş etməlidir. Şirkət (və yaxud digər kommersiya strukturları) adı altında çıxış edən komandalar üçün bu məbləğ fərqli ola bilər. Qeydiyyat üçün tələb olunan məbləğ turnirin iştirakçılarının razılığı olmadan Təşkilatçı tərəfindən müəyyən olunur.
    2. Üzərində komanda kapitanın imzası olan sifariş anketi. Sifariş anketində komandanın əlaqələndirici şəxsinin (kapitan və vitse-kapitan) e-mail ünvanı, sifarişin verilmə tarixi mütləq göstərilməlidir.
    3. Qeydiyyat üçün tələb olunan anketin bütün bəndləri doldurulmalıdır.  Anketdə oyunçunun əlaqə nömrəsi qeyd olunmalıdır. Olmadığı təqdirdə anket natamam sayılacaq.
    4. Qüvvədə olan şəxsiyyəti təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və ya xarici pasport) surəti. Rus və digər xarici dildə olan şəxsiyyəti təsdiq edən sənədlər Azərbaycan dilində tərcüməsi notarial qaydada təsdiq edildikdən sonra təqdim olunmalıdır. Əks halda qəbul olunmayacaq.
    5. Futbolçuların və məşqçilərin elektron formatda fotoşəkli (3x4 JPG formatda)
    6. Komandanın loqotipi həmin formatda diskə əlavə oluna bilər.
    7. Sənədlərin təqdim edilməsi komandanın rəsmi nümayəndəsi (Kapitan) vasitəsi ilə aparılmalıdır
  1. Futbolçuların doğum tarixləri və liqalardakı iştirakı
    1. Aşağıda sadalanan hallar istisna olmaqla, MFL-də hər hansı futbol,  futzal və çimərlik futbolu üzrə rəsmi peşəkar turnirlərdə iştirak etmiş (hər hansı komandanın rəsmi ərizəsində, o cümlədən hakimin protokolunda yer alan) futbolçuların iştirakı qadağandır.

İstisnalar:

- 2015-2016-cı il  (daxil olmaqla) mövsümündən əvvəl Azərbaycanın Futzal üzrə Birinci Liqasında iştirak etmiş istənilən sayda oyunçuların;

- 2016-2017-ci il mövsümündə Azərbaycanın Futzal üzrə Birinci Liqasında iştirak etmiş 2 (iki) oyunçunun;

- 2017-2018-ci və ya 2018-2019-cu il mövsümlərində Azərbaycanın Futzal üzrə Birinci Liqasında iştirak etmiş 1 (bir) oyunçunun;

- 2013-2014-cü il (daxil olmaqla) mövsümündən əvvəl böyük futbolda (Yüksək və Birinci Liqa) və Futzal üzrə Yüksək Liqada iştirak etmiş istənilən sayda oyunçunun;

- 2015-ci (daxil olmaqla) ildən əvvəl çimərlik futbolunun rəsmi oyunlarında iştirak etmiş oyunçuların iştrakına icazə verilir.

  1. Liqada 16 yaşı tamam olmuş şəxslər iştirak edə bilər.
  1. Sifariş, transfer və icarə məsələləri
    1. Hər bir futbolçu eyni zamanda yalnız bir komandada qeydiyyatda ola bilər.
    2. Əgər futbolçunun adı iki və ya daha çox komandanın sifariş anketində təqdim olunarsa məsələnin araşdırılmasında aşağıda qeyd olunan sənədlərə üstünlük verilir:

a) Futbolçunun ilkin komanda sifariş vərəqəsi

b) Qeydiyyat tarixi

c) Bəzi fərdi münaqişələrə AFFA və MFL tərəfindən baxılacaqdır.

  1. Hər futbolçu mövsüm ərzində ən çox iki komandada çıxış edə bilər.
  2. Futbolçuların mövsüm ərzində əlavə sifarişi və transferləri aşağıda göstərilən qaydalar üzrə həyata keçirilməlidir:

a) Komanda əlavə sifarişi yalnız əvvəlcədən elan olunan “Transfer Pəncərəsi” müddəti ərzində edə bilər.

b) Transfer müddətində yeni sifariş olunan oyunçuların sayı 4 nəfərdən çox olmamalıdır.

c) Transfer məsələlərində Liqada artıq iştirak edən oyunçuların transferi zamanı mütləq oynadığı komandanın kapitanının razılığı olmalıdır.

  1. Komanda tərəfindən təqdim olunmuş futbolçuların saxta sənədləri
    1. Mövsüm ərzində aşağıda göstərilən hallar sənədlərin saxtalaşdırılması kimi qəbul olunur:

a) Sifariş zamanı təqdim olunan saxta sənədlər:

  • Şəxsiyyət vəsiqəsi
  • Xarici pasport
  • Elektron formatda və ya kağız üzərində təqdim olunan fotoşəkil
  • Anket

b) Bir futbolçunun digər futbolçu adı ilə oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı

c) Komandanın üzvü kimi qeydiyyatdan keçməyən futbolçunun oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxmaq cəhdi və ya iştirakı.

  1. Komandanın oyunçuları mövsüm öncəsi və turnirin gedişatı zamanı AFFA və MFL MMC tərəfindən yoxlanılır. Komandanın heyətində sifariş olunmuş oyunçulardan mövsüm ərzində saxtalaşdırılma və ya Qaydalara uyğun olmaması (bax - bənd 6) aşkarlanarsa, məsuliyyəti komanda daşıyır.
  2. Komandada bu Qaydalara uyğun olmayan 1 və ya 2  oyunçu aşkarlanarsa həmin oyunçular turnirdən uzaqlaşdırılır, komandanın xalları isə silinmir.
  3. Komandada bu Qaydalara uyğun olmayan 3 oyunçu aşkarlandıqda isə komandanın özü turnirdən kənarlaşdırılır, bütün oyunlar (keçirilmiş oyunlar daxil olmaqla) üzrə 0-3 hesablı texniki məğlubiyyət verilir. 
  1. İştirakçı komandanın öhdəlikləri
    1. İştirakçı komandalar bu əsasnamənin hər bir bəndinə riayət etməlidirlər.
    2. İştirakçı komandalar FİFA tərəfindən tərtib olunmuş Fair Play prinsiplərinə riayət etməlidirlər.
    3. Komanda onu təmsil edən və ya meydançada dəstəkləyən hər hansı şəxsin (futbolçular, məşqçilər, rəsmi şəxslər, azarkeşlər və s.) davranışlarına görə məsuliyyət daşıyır.
    4. Komandalar hakimlərə və rəqiblərə hörmətlə yanaşmalı, onların işinə müdaxilə etməməli və onlara qarşı hər hansı təhqir və ya fiziki təziqə yol verməməlidirlər. Əks halda Təşkilatçı (MFL MMC) tərəfindən cəzalandırıla bilərlər. Cəzalar komandanın müvafiq oyunçusunun və ya tam heyətinin bir və ya bir neçə oyundan və ya tam turnirdən kənarlaşdırılmasına kimi ola bilər.
  1. Oyun forması ilə bağlı qaydalar:
    1. Komanda oyunçuları meydançaya eyni formada daxil olmalıdır
    2. Formada oyunçunun adı və ya soyadı yazıla bilər 
  1. Turnirin keçirilmə sistemi
    1. Turnir zamanı bütün komandalar püşkatma yolu ilə A, B, C D adlı 4 konferensiyaya bölünür.
    2. Komandalar Qrup mərhələdəki oyunlarını bir dövrəli liqa formatında keçirir.
    3. Hər bir qrupda daha çox xal toplamış 8 komanda (ümumilikdə dörd konferensiyadan 32 komanda) pley-off mərhələsində birbaşa iştirak etmək hüququ qazanacaq. 
    4. Pley-off mərhələsində ümumilikdə 32 komanda mübarizə aparacaq. Komandalar play-off sistemi üzrə məğlub olan komandanın mübarizəni dayandırması şərti ilə hər mərhələdə bir oyun keçirəcəklər (reqlamentə əsasən, cavab görüşlərinin keçirilməsi nəzərdə tutulmayıb).
    5. Qrup mərhələsində xalların hesablanması:
  • Qələbəyə görə 3 (üç) xal, heç-heçəyə görə 1 (bir) xal verilir. Məğlubiyyətə görə isə xal verilmir
  • Komandaların xalları bərabər olarsa, turnir cədvəlindəki sıralama aşağıdakı göstəricilərə görə müəyyən olunur:
  • Komandaların öz aralarında keçirdikləri oyunların xallarına əsasən
  • Komandaların öz aralarında keçirdikləri oyunlarda vurulmuş və buraxılmış qolların sayına əsasən
  • Bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqinə görə
  • Bütün oyunlarda vurulmuş qolların sayına əsasən
  • Komandaların qələbə saylarına əsasən
  • Ən az qırmızı və sarı kartlara görə toplanmış xalların fərqinə əsasən (sarı kart 1 xal, qırmızı kart 3 xal)
    1. Oyunlar MFL MMC tərəfindən tərtib olunmuş təqvimə əsasən keçirilir, təqvimə dəyişikliklər edilə bilər.
    2. Komandalar oyunun başlamasına 15 dəqiqə qalmış oyun keçirilən meydançaya gəlməlidirlər. Oyunun başlanmasına 10 dəqiqə qalmış oyunun protokoluna futbolçuların ad və soyadları yazılmalıdır. Həmin vaxtda komanda bu tələbləri yerinə yetirmədikdə, oyuna gəlməmiş hesab olunur.
  1. Meydança
    1. Turnir matçları Bakı Olimpiya Stadionunun ərazisində yerləşən MFL ARENA futbol meydançalarında keçirilir.
    2. Meydançanın dəyişməsi Təşkilarçı tərəfindən həyata keçirilə bilər.
  2. Oyunun təşkili
    1. Oyunlar MFL MMC tərəfindən təşkil olunur.
    2. Komandalar oyunun başlamasından 15 dəqiqə öncə oyun keçirilən meydançaya gəlməlidirlər (Fors – major hallarına rast gəlinərsə, komanda bu haqda təcili MFL MMC nümayəndəsinə məlumat verməli və Təşkilatçı bu halları araşdırıb müvafiq qərar verəcək).
    3. Məşqçilər (ən çox iki) və adları oyun üçün hakim protokolunda qeyd olunan oyunçuların ehtiyat skamyalarında oturmalarına və meydança ərazisinə daxil olmasına icazə verilir.
    4. Texniki zonada siqaret çəkmək qadağandır.
    5. Komanda təşkilatçı tərəfindən təyin olunan vaxtda oyuna gəlmədikdə, ona Təşkilatçı tərəfindən 0:3 hesablı texniki məğlubiyyət verilir.
  3. Oyun qaydaları
    1. Bütün oyunlar aşağıdakı qaydalara əsasən keçirilir:
  • Oyunlar iki hissədən ibarətdir. Hər hissə 25 (iyirmi beş) dəqiqədir.
  • Hissələrarası fasilə isə 5 (beş) dəqiqədir.
  • Hər komanda hər hissədə bir dəqiqəlik taym aut (qısa fasilə) götürə bilər
  • Qrup mərhələsində oyunlar standard liqa sistemi ilə keçirilir. Komandalar öz aralarında yalnız bir dəfə qarşılaşır. Cavab oyun nəzərdə tutulmayıb.
  • Play-off mərhələsində oyun bərabər bitərsə əlavə vaxt təyin olunmadan birbaşa 5 penalti zərbəsi vurulur. 5 zərbədən sonra qalib müəyyən olunmasa, zərbələr qalib müəyyən olunana kimi davam etdirilir. Penalti zərbələrini yalnız sifariş protokolunda qeyd olunmuş oyunçular yerinə yetirirlər. Penalti zərbəsi 6 metrlik məsafədən vurulur.
  • Qayda pozuntusu cərimə meydançasının daxilində baş verərsə penalti zərbəsi təyin olunur. Penalti zərbəsi 6 metrlik məsafədən vurulur.
  • 6 qayda pozuntusundan sonra 10 metrlik nöqtədən cərimə zərbəsi vurulur. Penaltiyə səbəb olan qayda pozuntusu həmin 6 folun hesablanmasında nəzərə alınmır.
    1. Oyun zamanı futbolçuların əvəzlənməsi aşağıdakı qaydada həyata keçirilir:
  • Oyun ərzində hər komanda limitsiz əvəzetmədən istifadə edə bilər.
  • Meydançaya daxil olmağa hazırlaşan futbolçu əvəz olunan oyunçunun meydançanı tərk etdiyini gözləməlidir.
  • Oyun zamanı əvəzlənmiş futbolçu meydançaya bir daha qayıda bilər.
  • Məşqçi oyunçu qismində çıxış edə bilməz.
  1. Oyunun protokolu
    1. Oyundan öncə hər komanda oyunun protokolunu doldurmalıdır.
    2. Protokolda  futbolçunun  adı, soyadı göstərilməlidir. Həmçinin oyun zamanı ehtiyatda olan şəxslərin adları, soyadları və vəzifələri yazılmalıdır. Oyun protokolu hər iki komandanın kapitanları tərəfindən imzalanmalıdır.
    3. Komandalar oyundan ən azı 10 dəqiqə öncə protokolu MFL nümayəndəsinə təqdim etməlidirlər.
    4. MFL nümayəndəsi oyundan öncə protokolda göstərilən bütün şəxsləri yoxlayır.
    5. Əgər oyunun protokolu tələb olunan vaxtda təqdim olumazsa, bu məsələyə MFL tərəfindən baxılacaqdır və reqlamenti pozan komanda cərimələrlə üzləşə bilər.
  2. Oyunlarda iştirakdan imtina
    1. Komanda oyunda iştirak etməkdən imtina edərsə, və ya oyuna təyin olunmuş  vaxtda gəlməsə, ona Təşkilatçı tərəfindən 0:3 hesablı texniki məğlubiyyət verilir (səbəbindən asılı olmayaraq).
    2. Komanda 3 dəfə ardıcıl və ya ümumilikdə 5 dəfə texniki məğlubiyyət alarsa, Turnirdən kənarlaşdırılır.
    3. Turnirdən kənarlaşdırılan komandanın bütün nəticələri (keçirilmiş oyunlar daxil olmaqla) 0-3 hesablı texniki məğlubiyyətə çevrilir.
  1. Oyunların təxirə salınması
    1. Aşağıda göstərilən hallarda komanda oyunun təxirə salınması ilə bağlı müraciət edə bilər:
  • Meydança yararsız vəziyyətdə olduğu halda
  • Fors-major hallar (baş verməsi əvvəlcədən ehtimal edilməyən və müvafiq şəraitdə qarşısının alınmasının mümkün olmaması nəticəsində şəxslərin öz öhdəliklərini yerinə yetirməsinə maneçilik törədən, ləngidən fövqəladə hallar, təbii fəlakətlər, yaxud ictimai-siyasi hadisələr)
    1. Oyunun təxirə salınması və başqa vaxtda keçirilməsi barədə iki komandanın razılığı olarsa, bu barədə Təşkilatçıya ən azı oyundan bir gün öncə xəbər verilməlidir. Təşkilatçının razılığı ilə təxirə salınmış oyun digər vaxtda keçirilə bilər. Lakin bu oyun müvafiq turun bitməsinə kimi keçirilməlidir. Oyunla bağlı bütün xərclər (meydançanın icarəsi, təşkilatı xərclər və s) komandaların hesabına ödəniləcək. Xərclərin həcmi Təşkilatçı tərəfindən təyin edilir.
  1. Hakimlik və nəzarət
    1. Liqanın oyunlarına AFFA və MFL MMC-nin nümayəndələri nəzarət edirlər.
    2. MFL MMC-nin nümayəndəsinin səlahiyyətinə oyunun keçirilməsi, ona nəzarət və hakimlər briqadasının işinə qiymət vermək daxildir.
    3. AFFA nümayəndəsinin səlahiyyətinə oyuna nəzarət və hakimlər briqadasının işinə qiymət vermək daxildir.
    4. Oyunları AFFA tərəfindən təyin edilmiş hakimlər idarə edir, hakimlik bu əsasnamənin qaydaları əsasında həyata keçirilir.
    5. Hakimlərin işinə nəzarəti AFFA həyata keçirir.
    6. Komandalar tərəfindən hakimlərin dəyişdirilməsi ilə əlaqədar tələblər qəbul olunmur.
  1. MFL-in intizam qərarları
  1. Bütün qırmızı vərəqələrə MFL MMC və AFFA tərəfindən baxılır.
  2. Oyun zamanı və oyundan sonra baş verən insidentlərlə bağlı bütün qərarları MFL MMC və AFFA  qəbul edir.
  3. Komandalar və oyunçular qərarlar əsasında cəzalandırıla bilər.
  1. Sarı və qırmızı vərəqələr
    1.  İki ardıcıl sarı kart (qırmızı vərəqəyə çevrilir) alan eyni oyunçu meydanı tərk edir.
    2. Meydanı tərk edən oyunçunun cəzası olduğu hissəyə şamil edilir. Oyunçu cəzanı birinci hissədə alıbsa, ikinci hissədə onun əvəzinə digər oyunçu meydançaya daxil ola bilər. Lakin qırmızı kart alan oyunçu oyunun sonunadək meydançaya daxil ola bilməz. Oyunçu iki sarı (qırmızı) kartı ikinci hissədə aldığı təqdirdə komanda oyunun sonuna kimi azlıqda oynayır.
    3. Ümumilikdə komandanın 3 oyunçusu meydançada qaldıqda həmin komandaya texniki məğlubiyyət verilir.
    4. Alınan bütün sarı və qırmızı vərəqələrə görə öhdəlik klubun üzərinə düşür (turu buraxmalı olan oyunçu oyunda iştirak edərsə, komandaya texniki məğlubiyyət verilir.)
    5. Oyunçu oyunda iki sarı vərəqə (qırmızı) alıbsa, o növbəti bir oyunu buraxır. Oyunçu birbaşa qırmızı vərəqə alıbsa o növbəti iki oyundan beş oyuna qədər buraxa bilər. Həmin qərar Təşkilatçı (MFL MMC) tərəfindən verilir.
    6. Cari mövsüm ərzində 3 sarı vərəqə alan futbolçu növbəti oyunu buraxmalıdır.
    7. Pley-off mərhələsindən qabaq komandaların bütün sarı və qırmızı vərəqələri silinir. Lakin dava dalaş, ciddi münaqişələr və digər nizam intizam pozuntularına görə Təşkilatçı tərəfindən verilən cəzalar qüvvədə qalır.
  1. Etirazlar
    1. Etiraz verən kapitan oyundan dərhal sonra bu barədə MFL MMC-nin nümayəndəsini xəbərdar etməlidir.
    2. Etirazın verilməsi oyunun protokolunda öz əksini tapmalıdır. Bütün qeydlər yazılı şəkildə oyundan sonra protokolda əks olunmalıdır və komanda kapitanının imzası ilə təsdiqlənməlidir.
    3. Oyunun gedişində ciddi münaqişələr baş verərsə, oyun dayandırıla bilər.
    4. Etirazlara aşağıdakı hallarda baxılmır:
  • Penalti cərimə zərbələrinin təyin olunması
  • Topun qapıdan keçib-keçməməsi barədə
  1. Mükafatlandırma
    1. Liqada ilk 3 yeri tutan komandaların futbolçuları və baş məşqçiləri müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla və diplomla təltif olunacaq.
    2. Qalib (1-ci yeri qazanmış) və 2-ci yeri tutan komandalar Təşkilatçı tərəfindən pul mükafatı əldə edəcək. Pul mükafatının məbləği Təşkilatçı tərəfindən müəyyən edilir.
    3. Üçüncü yeri tutan komanda isə növbəti mövsümdə turnirdə pulsuz çıxış etmək hüququ qazanacaq.
    4. Turnirin ən yaxşı bombardiri, ən yaxşı assistentləri və ən yaxşı qapıçısı da pul mükafatı alacaqlar. Pul mükafatının məbləği Təşkilatçı tərəfindən müəyyən edilir.

 

  1. Müəllif hüquqları
    1. Turnirin işıqlandırılması (video və foto çəkilişin aparılması, onların mediada dərc olunması) üçün MFL MMC-dən tərəfindən əvvəlcədən xüsusi razılıq alınması mütləqdir.
    2. Turnirlə bağlı yaranmış bütün əqli mülkiyyət (komandalara aid adlar və qrafik simvollar istisna olmaqla) MFL MMC-yə məxsusdur və onun yazılı şəkildə icazəsi alınmasa istifadə oluna bilməz.
    3. Turnir başlamamışdan öncə bütün komandalar reqlamentlə tanış olurlar və orada qeyd olunan şərtlərlə razı olduqlarını öz imzaları ilə təsdiq edirlər.