Küçələrdən meydanlara MFL
Juventus Baku: 8 - 3 :Papa John's / GSP Logistics: 1 - 0 :Underdog3-cü yer uğrunda görüş və Final matçı

Press-Reliz: MFL Liqaya çox güclü tərəfdaşlarla start verir

05 Oktyabr, 2016
 

Bir neçə ay bundan əvvəl yaransa da, MFL yerli həvəskar futbolçular arasında keçirdiyi mini futbol turnirlərinin peşəkar təşkilatçılığı ilə milli futbolumuza yeni dalğa gətirib. “MFL - Avro 2016” kubokunun qalibi – “Qaradağ Lökbatan” komandasının Fransaya, Avropa Çempionatının yarım finalına göndərilməsi və “MFL - San Marino” kubokunda qələbənin memarı – “Juventus Baku”nun milli yığma ilə birlikdə “San Marino” – “Azərbaycan” oyununa getməsi MFL-in həvəskar futbolçulara peşəkar yanaşmasından xəbər verir.

Təkcə meydanlarda deyil, sosial şəbəkələrdə də küçələrdən meydana gələnləri, başını, ayağını və əlini ən yaxşı işlədə bilənləri ulduza çevirən MFL yenidən bir ilkə imza atır. Bu dəfə MFL Azərbaycanda həvəskarlar arasında ilk dəfə birillik tamhəcmli mini futbol liqasına başlayır. Bu liqa Bakının ayrı-ayrı rayonlarından, iş yerlərindən, məhəllələrindən çıxan komandalara meydanların çağırışıdır! Bu liqa Azərbaycan futbolunda yeni dalğa, yeni kultdur! Bu liqa həvəskar komandaların beynəlxalq futbol arenasına açılan qapısıdır.

Komandalara bu qapını açmaq üçün indi təkcə MFL yox, həm də turnirin rəsmi dəstəkçisi AFFA, eləcə də texniki tərəfdaşımız Azfar da kömək edəcək. MFL futbol sferasında brendə çevrilən bu iki adın dəstəyini həvəskar futbolçular arasında yaratdığı yeni trendinin, peşəkarlığının, Bakıdan regionlara yaya bildiyi sağlam futbol dalğasının köməyi ilə qazanıb.

Bir zamanlar küçələrdə, ayrı-ayrı məhəllələrdə və korporativ çempionatlarda oynayan komandalar məhz bu liqada xarici komandalarla yoldaşlıq oyunları keçirəcək, dünyanın futbol ulduzları ilə birlikdə meydanda kimin daha güclü olduğunu aydınlaşdıracaq. Rəsmi dəstəkçi kimi AFFA MFL-in həvəskarlar üçün yaratdığı bu imkanı milli futbolumuzun uğuru olaraq dəyərləndirir. Yaşıl meydanlarda beynəlxalq əlaqələrin qurulması, üstəlik Azərbaycanı təmsil edən MFL-in ən yaxşı oyunçularından ibarət olan komandasına “həvəskar milli yığma” statusunun qazandırılması AFFA-nın həm MFL-ə, həm də bu liqada iştirak edən komandalara verdiyi dəyərin göstəricisidir. AFFA eyni zamanda liqa ərzində komandaların hakim və həkim müşayiəti ilə təmin olunmasına diqqət yetirəcək,  keçiriləcək bütün oyunların texniki göstəriciləri ilə bağlı MFL-i rəsmi məlumatlarla təmin edəcək.

Liqadan öncəki iki turnirini yalnız “Sportster” meydançalarında təşkil edən MFL-ə indi “Azfar” da qapılarını açıb. Yüzlərlə yerli futbol həvəskarının evinə çevrilən Azfar-ın MFL ilə əməkdaşlığı Azərbaycanda mini futbola gətirilən yeni dalğaya dəstəkdir. Paytaxt Bakıda ən keyfiyyətli mini futbol meydançalarına sahib şirkətlərdən olan “Azfar”ın göstərdiyi bu təşəbbüs həvəskar futbolun inkişafı adına atılan təqdirəlayiq addımdır.

“Azfar” təkcə liqanın oyunlarına ev sahibliyi etməyəcək, eyni zamanda mövsüm ərzində MFL komandaları arasında yaxşı çıxış edənlərə hədiyyələr verməyi və bütün iştirakçı komandalara Azfar Group meydançalarında məşq üçün endirimli qiymətlər təqdim etməyi planlaşdırır. 

Qeyd edək ki, yaxın günlərdə MFL ilə birlikdə irəliləyən və həvəskar futbolçular arasında mini futbolu inkişaf etdirməyi planlaşdıran digər texniki tərəfdaşlarımızın da adları açıqlanacaq. Bu tərəfdaşlar idman sahəsində, xüsusilə futbol sferasında müxtəlif idman geyimlərinin istehsalçısı və təchizatçısı kimi öz sözlərini deyiblər. Texniki tərəfdaşlarımız da öz məhsullarına xüsusi endirimli qiymətlər tətbiq edəcəklər, eyni zamanda liqa ərzində həm meydanlarda, həm də sosial şəbəkələrdə keçiriləcək müxtəlif yarışların qalibləri üçün maraqlı hədiyyələr hazırlayacaqlar.  

AFFA, Azfar və digər texniki tərəfdaşlarımızın təklifləri bunlarla bitmir. Tezliklə MFL-in tərəfdaşları həm komandaları, həm də MFL-in feysbuk səhifəsinin (https://www.facebook.com/mfl.baku) izləyicilərini başqa hansı sürprizlərin gözləyəcəyi barədə daha ətraflı məlumat verəcəklər.

MFL-in Azərbaycan futboluna gətirdiyi yeni dalğasına təkan verəcək bütün komandaları təbrik edirik. Artıq ürəyi futbolla döyünənlərin oynamaq üçün meydanları, mübarizə aparmaq üçün rəqibləri və qalib olmaq üçün səbəbləri var!

Qeyd edək ki, oktyabrın 5-də püşkatma günüdür. Oktyabrın 10-da MFL liqaya start verəcək. Liqanın qalib komandası isə 10 000 AZN dəyərində əsas mükafatı qazanacaq.

Biz Liqaya hazırıq, növbə Komandalarındır!