Küçələrdən meydanlara MFL
MFL 2017-201830.10.2017 - 15.05.2018

Həvəskarların liqası başlayır: püşkatmada rəqiblər müəyyənləşdi

06 Oktyabr, 2016

Həvəskar futbolçular arasında “Avro-2016” və “San Marino” kuboklarına imza atan MFL şirkəti bu ilin payızından gələn ilin yayınadək davam edəcək tamhəcmli mini futbol liqasına start verir.

Bu liqa həvəskar komandaların beynəlxalq futbol arenasına açılan qapısıdır. Bu liqa Bakının ayrı-ayrı rayonlarından, iş yerlərindən, məhəllələrindən çıxan komandalara meydanların çağırışıdır! Məhz öz oyununa, komanda ruhuna, uzunmüddətli mübarizə üçün gücünə güvənən 42 komanda MFL-in bu çağırışına cavab verdi.

Liqaya qeydiyyat sentyabrın 7-də başladı. Sentyabrın 21-də isə həvəskar futbolçuların liqasında iştirak etmək istəyən komandaların kapitanları ilə MFL arasında baş tutmuş görüşdən sonra məlum oldu ki, əksər komandalar oyunçuları yığmaqda çətinlik çəkirlər. Müraciətlərin çoxluğunu nəzərə alaraq, MFL qeydiyyat müddətini oktyabrın 1-nə qədər uzatdı.

Qeydiyyat bitdikdən sonra, oktyabrın 5-də liqanın püşkatma mərasimi keçirildi. Püşkatmada qeydiyyatdan keçən komandaların kapitanları və oyunçuları ilə yanaşı, MFL-in həmtəsisçisi Rəhman Hacı və liqanın təşkilatçısı, SMG (“Sport Marketing Group”) şirkətinin direktoru Ayaz Əhmədov da iştirak edirdilər.

Əvvəlcə iştirakçılara çempionatın strukturu, oyunların təqvimi, qaydalar, oyunların baş tutacağı meydançalar və digər texniki məsələlər barədə ətraflı məlumat verildi. Həmçinin komandaların, eləcə də təşkilatçıların üzərinə düşən məsuliyyət məsələlərinə, çempionatın reqlamentinə və bir sıra digər distiplinar məqamlara aydınlıq gətirildi. 

Daha sonra liqanın rəsmi dəstəkçisi AFFA, eləcə də meydançalar üzrə MFL-in texniki tərəfdaşı - “Azfar Group” barəsində görüş iştirakçılarına ətraflı məlumat verildi. Bir zamanlar küçələrdə, ayrı-ayrı məhəllələrdə və korporativ çempionatlarda oynayan komandalar məhz bu liqada xarici komandalarla yoldaşlıq oyunları keçirəcək, dünyanın futbol ulduzları ilə birlikdə meydanda kimin daha güclü olduğunu aydınlaşdıracaq. Bildirildi ki, rəsmi dəstəkçi kimi AFFA MFL-in həvəskarlar üçün yaratdığı bu imkanı milli futbolumuzun uğuru olaraq dəyərləndirir. Yaşıl meydanlarda beynəlxalq əlaqələrin qurulması, üstəlik Azərbaycanı təmsil edən MFL-in ən yaxşı oyunçularından ibarət olan komandasına “həvəskar milli yığma” statusunun qazandırılması AFFA-nın həm MFL-ə, həm də bu liqada iştirak edən komandalara verdiyi dəyərin göstəricisidir. AFFA eyni zamanda liqa ərzində komandaların hakim və həkim müşayiəti ilə təmin olunmasına diqqət yetirəcək,  keçiriləcək bütün oyunların texniki göstəriciləri ilə bağlı MFL-i rəsmi məlumatlarla təmin edəcək.

Liqadan öncəki iki turnirini yalnız “Sportster” meydançalarında təşkil edən MFL-ə “Azfar” da qapılarını açıb. Görüş zamanı bildirildi ki, “Azfar” təkcə liqanın oyunlarına ev sahibliyi etməyəcək, eyni zamanda mövsüm ərzində bütün iştirakçı komandalara Azfar Group meydançalarında məşq üçün endirimli qiymətlər təqdim etməyi də planlaşdırır. 

Qeyd edək ki, yaxın günlərdə MFL ilə birlikdə irəliləyən və həvəskar futbolçular arasında mini futbolu inkişaf etdirməyi planlaşdıran digər texniki tərəfdaşların da adları açıqlanacaq. Liqa ərzində texniki tərəfdaşlar öz məhsullarına xüsusi endirimli qiymətlər tətbiq edəcəklər, eyni zamanda həm meydanlarda, həm də sosial şəbəkələrdə keçiriləcək müxtəlif yarışların qalibləri üçün maraqlı hədiyyələr hazırlayacaqlar.    

Tərəfdaşların təqdimatından sonra püşkatma mərasimi baş tutdu. Hər birində 21 komanda olmaqla, iki konferensiyada (“A” və “B”) üz-üzə gələcək rəqiblərin adları müəyyənləşdirildi.

“A” konferensiyasında: “Olimpikstar”, “Vur Komandir”, “Underdog”, “Azfar Group”, “VIP FK”, “Neftçi”, “Status FK”, “Şuşa”, “Joga Bonito”, “Milan Qaradağ”, “Qaradağ Lökbatan”, “Dostluq”, “Muğan Bank”, “Ümid Masallı”, “Binə FK”, “Favorit FC”, “Galaxy”, “Cinema Plus”, “Universal”, “Galacticos”, AFFA komandaları yer alacaq.

“B” konferensiyasında isə “Gunners FC”, “Atletiko Mineyro”, “BeerBaşa”, “Feniks”, “Hangover 96”, “Baku Eagles”, “Techno”, “Bavaria Baku”, “FC Nurel”, “Montin”, “8 MKR United”, “Bakcell”, “Schlumberger”, “Prospect”, “Juventus Baku”, TOTA, “Bakaley”, “Indigo”, “Futbol info”, “Dream Team” və “Xazar Baku” komadanları oynayacaq.    

Bundan əlavə, görüş zamanı ilk oyunların tarixi və oyunların keçiriləcəyi meydançalar haqqında komandalara ətraflı məlumat verildi. Bildirildi ki, bu ilin yanvar ayına qədər “A” konferensiyasına daxil olan komandalar həftənin bazar ertəsi, “B” konferensiyasının komandaları isə həftənin cümə axşamı “Azfar” və “Sportster” meydançalarında qarşı-qarşıya gələcəklər.

Liqanın ilk oyunu oktyabrın 10-da başlayacaq. Qarşılaşacaq komandaların adları və oyunların başlama vaxtı ilə cədvəldən tanış ola bilərsiniz.

Qeyd edək ki, liqada iştirak üçün 42 komanda qeydiyyatdan keçib. Onlar arasında əvvəlki turnirlərdə iştirak edən komandalarla yanaşı, yeni adlar da var.