Küçələrdən meydanlara MFL
MFL 2017-201830.10.2017 - 15.05.2018

MFL-də “All Stars” döyüşü – Konferensiyalar üz-üzə!

01 Dekabr, 2016

Küçə futbolunda yeni kult yaradan MFL meydanda başını və ayağını işlədə bilənləri bir araya topladı. 42 komandadan təxminən 700 oyunçunun qatıldığı liqada iştirak edən “A” və “B” konferensiyalarının ən yaxşıları noyabrın 26-da, saat 15:00-da üz-üzə gəldi. “Doğma divarlar” arasında - "Sportster" meydançasında baş tutmuş qarşılaşmada “A” və “B” konferensiyalarının seçmə oyunçuları “All Stars” adı altında küçə futbolunda kimin nəyi bacardığını aydınlaşdırdılar.  

“Divlərin döyüşü”ndə meydanın bir küncündə “A” Konferensiyasının ən güclüləri toplanmışdı. Meydanda onlarla qarşılaşan gücün nə demək olduğunu anlayırdı. Komanda fiziki gücü və döyüşçü cüssəsi ilə meydanda qasırğa yaratmışdı. "A" Konferensiyası meydana əsl küçə futbolu taktikasıyla çıxmışdı! 

Meydanın digər küncündə “B” Konferensiyasının “ağır artilleriya”sı dayanmışdı. Dəqiq hücumlar, kombinasiyalı oyun, şəxsi fiziki göstəricilər, qarşısıalınmaz sürət – bax, bu keyfiyyətlər onları meydanda fərqləndirirdi! Mükəmməl driblinqlər və çaşdırıcı fintlər rəqibin hücumlarını “zərərsizləşdirirdi”.

Oyunun hakiminin doğru oyunçuya sarı kart təyin etməməsi isə oyunun gedişatını dəyişdi. Ümumilikdə qarşılaşmada hər iki tərəf öz oyununu müdafiə üzərində qurmuşdu. Tərəflər öz konferensiyalarının “ən güclü” adını qazanması üçün meydanda sona qədər mübarizə apardı. Fiziki güclərini və “pressinq-hücum” taktikasını ortaya qoysa da, hər iki düşərgənin “müdafiə qalasını” işə salması ilə oyun minimal hesabla nəticələndi. Yüksəksəviyyəli oyunda hesab bir dəfə dəyişdi. “A” konferensiyasının bombardiri Cavid İsmayılovun mükəmməl ötürməsini İlkin Babayev oyunun 26-cı dəqiqəsində qola çevirdi və komandanın hesabına qələbəni yazdı.

Qeyd edək ki, oyun MFL-in feysbuk səhifəsində (https://www.facebook.com/mfl.baku/) canlı yayımlandı. Qarşılaşmanın işıqlandırılması üçün meydançaya media nümayəndələri də dəvət olunmuşdular.