Küçələrdən meydanlara MFL
Juventus Baku: 8 - 3 :Papa John's / GSP Logistics: 1 - 0 :Underdog3-cü yer uğrunda görüş və Final matçı

Qaydalar

2017-2018-ci il mövsümü üçün MFL MMC tərəfindən təşkil olunan MFL Liqası turnirinin (bundan sonra Turnir)

Əsasnaməsi

1. Əsas müddəalar

  1. Bu qaydalar Turnirdə iştirak edən komandaların və təşkilinə cəlb olunmuş digər üzvlərin hüquqlarını, vəzifələrini və məsuliyyətini müəyyən edir.

2. Məqsəd və vəzifələr

2.1   Turnir aşağıdakı məqsədlər üçün keçirilir:

  • Yüksək səviyyədə təşkil edilmiş turnir çərçivəsində futbol oynayan daha çox həvəskar komandaları birləşdirmək
  • Turnirin qalibini müəyyən etmək
  • Həvəskar futbolçular arasında futbolun təbliği və kütləviliyini təmin etmək
  • Gənc futbolçuların ustalığının yüksəldilməsi
  • Komandaların mövsümün yekununda tutduqları yerlərin müəyyən edilməsi.

3. Yarışlara rəhbərlik

3.1 Turnirin keçirilməsini və nəzarətini MFL MMC (bundan sonra Təşkilatçı) həyata keçirir. Turnirə MFL MMC və AFFA nəzarət edirlər.

3.2 MFL MMC-nin və AFFA-nın nümayəndələri oyunlarda nəzarətçi qismində iştirak edə bilər.

4. İştirakçıların müəyyən olunması

4.1 MFL-də komandalara iştirak hüququnu MFL MMC verir.

4.2 Turnirdə bir komanda bir ad altında təmsil oluna bilər.

5. Qeydiyyat qaydaları

5.1 Tərkibində minimum 10, maksimum 15 nəfər olan istənilən komanda qeydiyyatdan keçə bilər. Bunlardan ən azı 2 nəfəri qapıçı olmalıdır.

5.2 Həmçinin komanda kapitanını və vitse-kapitanını da qeyd etməlidir.

5.3 Eləcə də komanda iki məşqçi bəyan edə bilər.

5.4 Meydanda eyni anda 5 oyunçu və 1 qapıçı ola bilər.

5.5 Həmçinin ehtiyat oyunçular skamyasında 2 məşqçi, 4 əvəzləyici oyunçu və 1 qapıçı əyləşə bilər.

5.6 Komanda heyəti MFL MMC tərəfindən hazırlanan sifariş anketi vasitəsi ilə və əvvəlcədən müəyyən edilmiş vaxtda təqdim olunmalıdır. Sifariş sənədləri MFL və AFFA tərəfindən yoxlanıldıqdan sonra MFL MMC-də və AFFA-nın Qeydiyyat və Statistika şöbəsində saxlanılır.

5.7 Sənədlər tələb olunan tarixdən gec təqdim olunduğu təqdirdə komanda liqaya buraxılmaya bilər.

5.8 İlk müraciət edən 80 komandanın müraciətlərinə baxılır və qeydiyyat prossesinə daxil edilir. Qeydiyyat tələblərini lazımi qaydada yerinə yetirməyən komandalar prossesdən kənarlaşdırıldığı təqdirdə növbəti ərizənin müraciəti tarixinə uyğun olaraq digər komanda qeydiyyat prossesinə cəlb olunur.

5.9 Sifariş vərəqəsində göstərilməyən şəxslər oyunlar keçirilən zaman meydançaya və texniki zonaya buraxılmır.

5.10 Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur:

  • Üzərində komanda kapitanın imzası olan sifariş anketi. Sifariş anketində komandanın əlaqələndirici şəxsinin (kapitan və vitse-kapitan) e-mail ünvanı, sifarişin verilmə tarixi mütləq göstərilməlidir.
  • Qeydiyyat üçün tələb olunan anketin bütün bəndləri  doldurulmalıdır.  Anketdə oyunçunun əlaqə nömrəsi qeyd olunmalıdır. Olmadığı təqdirdə anket natamam sayılacaq.
  • Qüvvədə olan şəxsiyyəti təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və ya xarici pasport) surəti. Rus və digər xarici dildə olan şəxsiyyəti təsdiq edən sənədlər Azərbaycan dilində tərcüməsi notarial qaydada təsdiq edildikdən sonra təqdim olunmalıdır. Əks halda qəbul olunmayacaq.
  • Futbolçuların və məşqçilərin elektron formatda fotoşəkli (3x4 JPG formatda)
  • Komandanın loqotipi həmin formatda diskə əlavə oluna bilər.
    1. Sənədlərin təqdim edilməsi komandanın rəsmi nümayəndəsi (Kapitan) vasitəsi ilə aparılmalıdır

6. Futbolçuların doğum tarixləri və liqalardakı iştirakı

6.1. Aşağıda sadalanan hallar istisna olmaqla, MFL-də hər hansı futbol,  futzal və çimərlik futbolu üzrə rəsmi peşəkar turnirlərdə iştirak etmiş (hər hansı komandanın rəsmi ərizəsində yer alan) futbolçuların iştirakı qadağandır.

İstisnalar:

  • 2014-2015-ci il  (daxil olmaqla) mövsümündən əvvəl Azərbaycanın Futzal üzrə Birinci Liqasında iştirak etmiş istənilən sayda oyunçuların;
  • 2015-2016-cı il mövsümündə Azərbaycanın Futzal üzrə Birinci Liqasında iştirak etmiş 2 (iki) oyunçunun;
  • 2016-2017-ci və ya 2017-2018-ci il mövsümlərində Azərbaycanın Futzal üzrə Birinci Liqasında iştirak etmiş 1 (bir) oyunçunun;
  • 2012-2013-cü il (daxil olmaqla) mövsümündən əvvəl böyük futbolda (Yüksək və Birinci Liqa) və Futzal üzrə Yüksək Liqada iştirak etmiş istənilən sayda oyunçunun;
  • 2014-cü (daxil olmaqla) ildən əvvəl çimərlik futbolunun rəsmi oyunlarında iştirak etmiş oyunçuların iştrakına icazə verilir.

6.2  Liqada yaşı 16 yaşdan yuxarı olan şəxslər iştirak edə bilər (doğum tarixi 01.01.2001-ci ilə qədər).

7. Sifariş, transfer və icarə məsələləri

7.1 Hər bir futbolçu eyni zamanda yalnız bir komandada qeydiyyatda ola bilər.

7.2 Əgər futbolçunun adı iki və ya daha çox komandanın sifariş anketində təqdim olunarsa məsələnin araşdırılmasında aşağıda qeyd olunan sənədlərə üstünlük verilir:

a) Futbolçunun ilkin komanda sifariş vərəqəsi

b) Qeydiyyat tarixi

c) Bəzi fərdi münaqişələrə AFFA və MFL tərəfindən baxılacaqdır.

7.3 Hər futbolçu mövsüm ərzində ən çox iki komandada çıxış edə bilər.

7.4 Futbolçuların mövsüm ərzində əlavə sifarişi və transferləri aşağıda göstərilən qaydalar üzrə həyata keçirilməlidir:

a) Komanda əlavə sifarişi yalnız əvvəlcədən elan olunan “Transfer Pəncərəsi” müddəti ərzində edə bilər.

b) Transfer müddətində yeni sifariş olunan oyunçuların sayı 4 nəfərdən çox olmamalıdır.

8. Komanda tərəfindən təqdim olunmuş futbolçuların saxta sənədləri

8.1 Mövsüm ərzində aşağıda göstərilən hallar sənədlərin saxtalaşdırılması kimi qəbul olunur:

a) Sifariş zamanı təqdim olunan saxta sənədlər:

  • Şəxsiyyət vəsiqəsi
  • Xarici pasport
  • Elektron formatda və ya kağız üzərində təqdim olunan fotoşəkil
  • Anket

b) Bir futbolçunun digər futbolçu adı ilə oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı

c) Komandanın üzvü kimi qeydiyyatdan keçməyən futbolçunun oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxmaq cəhdi və ya iştirakı.

Qeyd: Komandanın oyunçuları mövsüm öncəsi AFFA tərəfindən yoxlanılır. Komandanın heyətində sifariş olunmuş oyunçulardan mövsüm ərzində saxtalaşdırılma aşkarlanarsa, məsuliyyəti komanda daşıyır. Həmin komandaya qarşı müxtəlif cərimələr (xalların silinməsi, Turnirdən kənarlaşdırılma və s.) tətbiq oluna bolər.

8.2 Yuxarıda göstərilən hallar aşkarlanarsa, bu cəzalar Təşkilatçı tərəfindən tətbiq oluna bilər:

a) Futbolçunun iştirak etdiyi bütün oyunların nəticələrinin ləğvi (texniki məğlubiyyət)

b) Futbolçunun  iştirak hüququn ləğvi

c) Komandanın Turnirdən kənarlaşdırılması

9. İştirakçı komandanın öhdəlikləri

9.1 İştirakçı komandalar bu əsasnamənin hər bir bəndinə riayət etməlidirlər.

9.2  İştirakçı komandalar FİFA tərəfindən tərtib olunmuş Fair Play prinsiplərinə riayət etməlidirlər.

9.3 Komanda onu təmsil edən və ya meydançada dəstəkləyən hər hansı şəxsin (futbolçular, məşqçilər, rəsmi şəxslər, azarkeşlər və s.) davranışlarına görə məsuliyyət daşıyır.

9.4  Hər komanda əlaqələndirici şəxs (kapitan və vitse-kapitan) təyin etməlidir və onu tələb olunan qaydada qeydiyyatdan keçirməlidir. Sifariş vərəqəsində əlaqə telefonu, elektron poçtun ünvanı (e-mail) və.s göstərilməlidir.

9.5 Komandalar qeydiyyat haqqını ödəməlidirlər. Əks halda komanda turnirə buraxılmaya bilər.

10. Oyun forması ilə bağlı qaydalar:

10.1 Komanda oyunçuları meydançaya eyni formada daxil olmalıdır

10.2 Formada oyunçunun adı və ya soyadı yazıla bilər

10.3  Forma seçimində üstünlük püşkatma yolu ilə müəyyənləşdirilir

10.4 İştirakçı klub və ya komanda sponsorun loqosunu və ya adını formasını üzərində əks etdirmək istədikdə bu haqda öncədən MFL-dən yazılı şəkildə razılıq almalıdır.

11. Turnirin keçirilmə sistemi

11.1 Turnir zamanı bütün komandalar hər biri 40 komandadan ibarət olan LEGENDSHEROES adlı (adlar dəyişə bilər) 2 konferensiyaya bölünür.

11.2 Hər konferensiya öz növbəsində Təşkilatçı tərəfindən hər birində 20 komanda olmaqla 2 qrupa bölünür (A, B, C, D).

11.3 Komandalar Qrup mərhələdəki oyunlarını bir dövrəli liqa formatında keçirir.

11.4 Hər bir qrupda daha çox xal toplamış 8 komanda pley-off mərhələsində iştirak etmək hüququ qazanacaq.  Play-off mərhələsinin rəqibləri 8 səbətdən aşağıdakı qaydada püşk atma yolu ilə müəyyən olunur:

11.5 Play-off mərhələsində ümumilikdə 32 komanda mübarizə aparacaq. Komandalar play-off sistemi üzrə məğlub olan komandanın mübarizəni dayandırması şərti ilə hər mərhələdə bir oyun keçirəcəklər (reqlamentə əsasən, cavab görüşlərinin keçirilməsi nəzərdə tutulmayıb).

11.6 Qrup mərhələsində xalların hesablanması:

  • Qələbəyə görə 3 (üç) xal, heç-heçəyə görə 1 (bir) xal verilir. Məğlubiyyətə

         görə isə xal verilmir

  • Komandaların xalları bərabər olarsa, turnir cədvəlindəki sıralama aşağıdakı göstəricilərə görə müəyyən olunur:
  • Komandaların öz aralarında keçirdikləri oyunların xallarına əsasən
  • Komandaların öz aralarında keçirdikləri oyunlarda vurulmuş və buraxılmış qolların sayına əsasən
  • Bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqinə görə
  • Bütün oyunlarda vurulmuş qolların sayına əsasən
  • Komandaların qələbə saylarına əsasən
  • Ən az qırmızı və sarı kartlara görə toplanmış xalların fərqinə əsasən (sarı kart 1 xal, qırmızı kart 3 xal)

11.7 MFL-in oyunları mövsüm öncəsi tərtib olunmuş təqvimə əsasən keçirilir, təqvimdə MFL tərəfindən dəyişiklik oluna bilər. Təqvim www.mfl.az saytında dərc olunacaq.

11.8 Komandalar oyunun başlamasına 15 dəqiqə qalmış oyun keçirilən meydançaya gəlməlidirlər. Oyunun başlanmasına 10 dəqiqə qalmış oyunun protokoluna futbolçuların ad və soyadları yazılmalıdır.

12. Meydança

12.1 Turnir matçları Bakı Olimpiya Stadionunun ərazisində yerləşən SPORTSTER idman kompleksinin meydanlarında keçirilir.

12.2  Meydançanın dəyişməsi Təşkilarçı tərəfindən həyata keçirilə bilər.

13. Oyunın təşkili

13. 1 Oyunlar MFL tərəfindən təşkil olunur.

13.2 Komandalar oyunun başlamasından 15 dəqiqə öncə oyun keçirilən meydançaya gəlməlidirlər (Fors – major hallarına rast gəlinərsə, komanda bu haqda təcili MFL MMC nümayəndəsinə məlumat verməli və Təşkilatçı bu halları araşdırıb müvafiq qərar verəcək).

13.3 Məşqçilər (ən çox iki) və 4 nəfər futbolçunun ehtiyat skamyalarında oturmalarına və meydança ərazisinə daxil olmasına icazə verilir.

13.4  Texniki zonada siqaret çəkmək qadağandır.

14. Oyun qaydaları

14.1   Bütün oyunlar aşağıdakı qaydalara əsasən keçirilir:

  • Oyunlar iki hissədən ibarətdir. Hər hissə 25 (iyirmi beş) dəqiqədir.
  • Hissələrarası fasilə isə 5 (beş) dəqiqədir.
  • Hər komanda hər hissədə bir dəqiqəlik taym aut (qısa fasilə) götürə bilər
  • Qrup mərhələsində oyunlar standard liqa sistemi ilə keçirilir. Komandalar öz aralarında yalnız bir dəfə qarşılaşır. Cavab oyun nəzərdə tutulmayıb.
  • Play-off mərhələsində oyun bərabər bitərsə əlavə vaxt təyin olunmadan birbaşa 5 penalti zərbəsi vurulur. 5 zərbədən sonra qalib olunmasa, zərbələr qalib olunmayana kimi davam etdirilir.
  • Penalti zərbələri meydançada göstərilən “nöqtədən” yerinə yetirilir.

14.2 Oyun zamanı futbolçuların əvəzlənməsi aşağıdakı qaydada həyata keçirilir:

  • Oyun ərzində hər komanda limitsiz əvəzetmədən istifadə edə bilər.
  • Meydançaya daxil olmağa hazırlaşan futbolçu əvəz olunan oyunçunun meydançanı tərk etdiyini gözləməlidir.
  • Oyun zamanı əvəzlənmiş futbolçu meydançaya bir daha qayıda bilər.
  • Yalnız ehtiyat futbolçu kimi göstərilən 4 nəfər və məşqçi oyun zamanı meydançaya daxil ola bilər.

15. Oyunun protokolu

15.1  Oyundan öncə hər komanda oyunun protokolunu doldurmalıdır.

15.2 Protokolda  futbolçunun  adı, soyadı göstərilməlidir. Həmçinin oyun zamanı ehtiyat skamyada oturan şəxslərin adları, soyadları və vəzifələri yazılmalıdır. Oyun protokolu hər iki komandanın kapitanları tərəfindən imzalanmalıdır.

15.3 İlk 6-lıq kimi protokolda göstərilən futbolçular oyuna başlayır. Digər 4 futbolçu ehtiyat skamyasında əyləşir.

15.4  Komandalar oyundan ən azı 10 dəqiqə öncə protokolu MFL nümayəndəsinə təqdim etməlidirlər.

15.5  MFL nümayəndəsi oyundan öncə protokolda göstərilən bütün şəxsləri yoxlayır.

15.6 Əgər oyunun protokolu tələb olunan vaxtda təqdim olumazsa, bu məsələyə MFL tərəfindən baxılacaqdır və reqlamenti pozan komanda müəyyən cərimələrlə üzləşə bilər.

16. Oyunlarda iştirakdan imtina

16.1 Əgər komanda oyunda iştirak etməkdən imtina edərsə, komandaya Təşkikatçı tərəfindən texniki məğlubiyyət verilir.

16.2  Komanda 3 dəfə ardıcıl və ya ümumilikdə 5 dəfə oyuna çıxmaqdan imtina edərsə, Turnirdən kənarlaşdırılır.

16.3 Turnirdən kənarlaşdırılan komandanın bütün nəticələri ləğv edilir.

17. Oyunların təxirə salınması

17.1  Aşağıda göstərilən hallarda komanda oyunun təxirə salınması ilə bağlı müraciət edə bilər:

  • Meydança yararsız vəziyyətdə olduğu halda
  • Fors-major hallar (baş verməsi əvvəlcədən ehtimal edilməyən və müvafiq şəraitdə qarşısının alınmasının mümkün olmaması nəticəsində şəxslərin öz öhdəliklərini yerinə yetirməsinə maneçilik törədən, ləngidən fövqəladə hallar, təbii fəlakətlər, yaxud ictimai-siyasi hadisələr)

18. Hakimlik və İnspeksiya

18.1 MFL-in oyunlarına AFFA və MFL MMC-nin nümayəndələri nəzarət edə bilər. MFL MMC-nin nümayəndəsinin səlahiyyətinə oyunun keçirilməsi, ona nəzarət və hakimlər briqadasının işinə qiymət vermək daxildir. AFFA nümayəndəsinin səlahiyyətinə oyuna nəzarət və hakimlər briqadasının işinə qiymət vermək daxildir.

18.2 Oyunları AFFA tərəfindən təyin edilmiş hakimlər idarə edir və hakimlik FİFA qaydaları əsasında həyata keçirilir.

18.3 Hakimlərin işinə nəzarəti AFFA həyata keçirir.

18.4 Komandalar tərəfindən hakimlərin dəyişdirilməsi ilə əlaqədar tələblər qəbul olunmur.

19. MFL-in intizam qərarları

19.1 Bütün qırmızı vərəqələrə MFL MMC və AFFA tərəfindən baxılır.

19.2 Oyun zamanı və oyundan sonra baş verən insidentlərlə bağlı bütün qərarları MFL MMC və AFFA  qəbul edir.

19.3 Komandalar və oyunçular qərarlar əsasında cəzalandırıla bilər.

20. Sarı və qırmızı vərəqələr

20.1 Oyun zamanı 3 sarı kart alan oyunçunun komandasının qapısına penalti zərbəsi təyin edilir.

20.2 İki ardıcıl sarı kart alan oyunçu meydanı tərk edir.

20.3 Meydanı tərk edən oyunçunun cəzası olduğu hissəyə şamil edilir. Oyunçu cəzanı ikinci hissədə aldığı təqdirdə komanda oyunun sonuna kimi azlıqda oynayır.

20.4 Ümumilikdə komanda 3 nəfər qaldıqda texniki məğlubiyyət verilir.

20.5 Oyun zamanı 6 cərimə rəqibə bir penalti vuruşu qazandırır. Penalti vuruşundan sonra cərimələr sıfırlanır.

20.6 Alınan bütün sarı və qırmızı vərəqələrə görə öhdəlik klubun üzərinə düşür (turu buraxmalı olan oyunçu oyunda iştirak edərsə, məsuliyyəti komanda daşıyır.)

20.7 Oyunçu oyunda birbaşa qırmızı vərəqə alıbsa və oyunçu haqqında Təşkilatçı tərəfindən xüsusi qərar çıxarılmayıbsa, həmin oyunçu növbəti bir oyunu buraxır.

20.8 Oyun zamanı qırmızı vərəqə alan futbolçu Təşkilatçı tərəfindən çıxaracağı qərara uyğun olaraq, komandanın keçirəcəyi müəyyən olunmuş sayda növbəti oyunu (oyunları) buraxacaqdır.

20.9 Cari mövsüm ərzində mərhələdən asılı olmayaraq 3 sarı vərəqə alan futbolçu növbəti oyunu buraxmalıdır.

20.10 Alınan sarı vərəqələr mərhələdən asılı olmayaraq öz qüvvəsində qalır.

20.11 Baş tutmayan oyundan sonra təşkilatçılar tərəfindən texniki məğlubiyyət alan komandanın həmin oyunu buraxmalı olan futbolçularının cəzaları qüvvədə qalır.

20.12 Baş tutmayan oyundan sonra təşkilatçılar tərəfindən texniki qələbə alan komandanın həmin oyunu buraxmalı olan futbolçuları cəza çəkmiş kimi hesab olunur.

21. Etirazlar

21.1 Etiraz verən kapitan oyundan dərhal sonra bu barədə MFL MMC nümayəndəsini xəbərdar etməlidir.

22.2 Etirazın verilməsi oyunun protokolunda öz əksini tapmalıdır. Bütün qeydlər yazılı şəkildə oyundan sonra protokolda əks olunmalıdır və komanda kapitanının imzası ilə təsdiqlənməlidir.

23.3 Oyunun gedişində ciddi münaqişələr baş verərsə, oyun dayandırıla bilər.

24.4  Etirazlara aşağıdakı hallarda baxılmır:

  • Penalti cərimə zərbələrinin təyin olunması
  • Topun qapıdan keçib-keçməməsi barədə

25. Mükafatlandırma

25.1 Liqada ilk 3 yeri tutan komandaların futbolçuları və baş məşqçiləri müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla və AFFA-nın diplomları ilə təltif olunacaq.

25.2 Qalib (1-ci yeri qazanmış) komanda Təşkilatçı tərəfindən verilən pul mükafatı əldə edəcək.   

25.3 Digər mükafatlar:

  • Ən yaxşı bombardir (hər kəsdən daha çox qol vuran oyunçu) kuboku
  • Ən yaxşı qapıçı (hər kəsdən daha az top buraxan qapıçı) kuboku
  • Ən yaxşı assistent (daha çox məhsuldar ötürmə verən oyunçu) kuboku

26. Müəllif hüquqları

26.1 Turnirin işıqlandırılması (video və foto çəkilişin aparılması, onların mediada dərc olunması) üçün MFL MMC-dən tərəfindən əvvəlcədən xüsusi razılıq alınması mütləqdir.

26.2 Turnirlə bağlı yaranmış bütün əqli mülkiyyət (komandalara aid adlar və qrafik simvollar istisna olmaqla) MFL MMC-yə məxsusdur və onun yazılı şəkildə icazəsi alınmasa istifadə oluna bilməz.

Turnir başlamadan öncə əsasnamayə əlavə və dəyişikliklər edilə bilər. Bütün edilən dəyişikliklər müvafiq qaydada www.mfl.az saytında öz əksini tapacaq.