close
  1. Əsas müddəalar
    1. Bu qaydalar Turnirdə iştirak edən komandaların və təşkilinə cəlb olunmuş digər üzvlərin hüquqlarını, vəzifələrini və məsuliyyətini müəyyən edir.
       
  2. Məqsəd və vəzifələr
    1. Turnir aşağıdakı məqsədlər üçün keçirilir:
      • Yüksək səviyyədə təşkil edilmiş turnir çərçivəsində futbol oynayan daha çox həvəskar komandaları birləşdirmək
      • Turnirin qalibini müəyyən etmək
      • Həvəskar futbolçular arasında futbolun təbliği və kütləviliyini təmin etmək
      • Gənc futbolçuların ustalığının yüksəldilməsi.
         
  3. Yarışlara rəhbərlik
    1. Turnirin keçirilməsini və nəzarətini MFL MMC (bundan sonra Təşkilatçı) həyata keçirir.
    2. Turnirə MFL MMC və AFFA nəzarət edirlər.
    3. MFL MMC-nin və AFFA-nın nümayəndələri oyunlarda nəzarətçi qismində iştirak edə bilər.
       
  4. İştirakçıların müəyyən olunması
    1. MFL-də komandalara iştirak hüququnu MFL MMC verir.
    2. Turnirdə bir komanda bir ad altında təmsil oluna bilər. Turnirin ortasında komandanın adının dəyişdirilməsi yalnız Təşkilatçının razılığı əsasında olmalıdır. Şirkət adının istifadə olunacağı təqdirdə komanda Təşkilatçı tərəfindən müəyyən olunmuş əlavə vəsait köçürməlidir.
       
  5. Qeydiyyat qaydaları
    1. Tərkibində minimum 10, maksimum 12 nəfər olan istənilən komanda qeydiyyatdan keçə bilər. Bunlardan ən azı 2 nəfəri qapıçı olmalıdır.
    2. Həmçinin komanda kapitanını və vitse-kapitanını da qeyd etməlidir.
    3. Eləcə də komanda iki məşqçi bəyan edə bilər.
    4. Meydanda eyni anda 5 oyunçu və 1 qapıçı ola bilər.
    5. Texniki zonada 2 məşqçi, eyni zamanda adları sifariş vərəqəsində göstərilən və Təşkilatçı tərəfindən komandanın üzvü kimi qeydiyyata alınan oyunçular dayana bilər.
    6. Komanda heyəti MFL MMC tərəfindən hazırlanan sifariş anketi vasitəsi ilə və əvvəlcədən müəyyən edilmiş vaxtda təqdim olunmalıdır. Sifariş sənədləri MFL və AFFA tərəfindən yoxlanıldıqdan sonra MFL MMC-də və AFFA-nın Qeydiyyat və Statistika şöbəsində saxlanılır.
    7. Sənədlər tələb olunan tarixdən gec təqdim olunduğu təqdirdə komanda Turnirə buraxılmaya bilər.
    8. İlk müraciət edən 24 komandanın müraciətlərinə baxılır və qeydiyyat prossesinə daxil edilir. Qeydiyyat tələblərini lazımi qaydada yerinə yetirməyən komandalar prosesdən kənarlaşdırıldığı təqdirdə növbəti ərizənin müraciəti tarixinə uyğun olaraq digər komanda qeydiyyat prosesinə cəlb olunur.
    9. Sifariş vərəqəsində göstərilməyən şəxslər oyunlar keçirilən zaman meydançaya və texniki zonaya buraxılmır.
       
  6. Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur:
    1. Komanda qeydiyyat üçün Təşkilatçı tərəfindən müəyyən edilən məbləğdə ödəniş etməlidir. Şirkət (və yaxud digər kommersiya strukturları) adı altında çıxış edən komandalar üçün bu məbləğ fərqli ola bilər. Qeydiyyat üçün tələb olunan məbləğ turnirin iştirakçılarının razılığı olmadan Təşkilatçı tərəfindən müəyyən olunur.
    2. Üzərində komanda kapitanın imzası olan sifariş anketi. Sifariş anketində komandanın əlaqələndirici şəxsinin (kapitan və vitse-kapitan) e-mail ünvanı, sifarişin verilmə tarixi mütləq göstərilməlidir.
    3. Qeydiyyat üçün tələb olunan anketin bütün bəndləri doldurulmalıdır. Anketdə oyunçunun əlaqə nömrəsi qeyd olunmalıdır. Olmadığı təqdirdə anket natamam sayılacaq.
    4. Qüvvədə olan şəxsiyyəti təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və ya xarici pasport) surəti. Rus və digər xarici dildə olan şəxsiyyəti təsdiq edən sənədlər Azərbaycan dilində tərcüməsi notarial qaydada təsdiq edildikdən sonra təqdim olunmalıdır. Əks halda qəbul olunmayacaq.
    5. Futbolçuların və məşqçilərin elektron formatda fotoşəkli (3x4 JPG formatda)
    6. Komandanın loqotipi həmin formatda diskə əlavə oluna bilər.
    7. Sənədlərin təqdim edilməsi komandanın rəsmi nümayəndəsi (Kapitan) vasitəsi ilə aparılmalıdır
       
  7. Sifariş, transfer və icarə məsələləri
    1. Hər bir futbolçu eyni zamanda yalnız bir komandada qeydiyyatda ola bilər.
    2. Əgər futbolçunun adı iki və ya daha çox komandanın sifariş anketində təqdim olunarsa məsələnin araşdırılmasında aşağıda qeyd olunan sənədlərə üstünlük verilir:
      • Futbolçunun ilkin komanda sifariş vərəqəsi
      • Qeydiyyat tarixi
      • Bəzi fərdi münaqişələrə AFFA və MFL tərəfindən baxılacaqdır.
         
  8. Komanda tərəfindən təqdim olunmuş futbolçuların saxta sənədləri
    1. Aşağıda göstərilən hallar sənədlərin saxtalaşdırılması kimi qəbul olunur:
    2. Sifariş zamanı təqdim olunan saxta sənədlər:
    3. Şəxsiyyət vəsiqəsi
    4. Xarici pasport
    5. Elektron formatda və ya kağız üzərində təqdim olunan fotoşəkil
    6. Anket
    7. Bir futbolçunun digər futbolçu adı ilə oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı
    8. Komandanın üzvü kimi qeydiyyatdan keçməyən futbolçunun oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxmaq cəhdi və ya iştirakı.
    9. Komandanın oyunçuları Turnir öncəsi və turnirin gedişatı zamanı AFFA və MFL MMC tərəfindən yoxlanılır. Komandanın heyətində sifariş olunmuş oyunçulardan saxtalaşdırılma və ya Qaydalara uyğun olmaması (bax - bənd 6) aşkarlanarsa, məsuliyyəti komanda daşıyır.
    10. Komandada bu Qaydalara uyğun olmayan 1 və ya 2  oyunçu aşkarlanarsa həmin oyunçular Turnirdən uzaqlaşdırılır.
    11. Komandada bu Qaydalara uyğun olmayan 3 oyunçu aşkarlandıqda isə komandanın özü Turnirdən kənarlaşdırılır.
       
  9. İştirakçı komandanın öhdəlikləri
    1. İştirakçı komandalar bu əsasnamənin hər bir bəndinə riayət etməlidirlər.
    2. İştirakçı komandalar FİFA tərəfindən tərtib olunmuş Fair Play prinsiplərinə riayət etməlidirlər.
    3. Komanda onu təmsil edən və ya meydançada dəstəkləyən hər hansı şəxsin (futbolçular, məşqçilər, rəsmi şəxslər, azarkeşlər və s.) davranışlarına görə məsuliyyət daşıyır.
    4. Komandalar hakimlərə və rəqiblərə hörmətlə yanaşmalı, onların işinə müdaxilə etməməli və onlara qarşı hər hansı təhqir və ya fiziki təziqə yol verməməlidirlər. Əks halda Təşkilatçı (MFL MMC) tərəfindən cəzalandırıla bilərlər. Cəzalar komandanın müvafiq oyunçusunun və ya tam heyətinin bir və ya bir neçə oyundan və ya tam turnirdən kənarlaşdırılmasına kimi ola bilər.
       
  10. Oyun forması ilə bağlı qaydalar:
    1. Komanda oyunçuları meydançaya eyni formada daxil olmalıdır.
    2. Formada oyunçunun adı və ya soyadı yazıla bilər.
       
  11. Turnirin keçirilmə sistemi
    1. Turnir kubok sistemi üzrə keçiriləcək.
    2. Turnirdə çıxış edəcək 24 komanda hər birində 4 komanda olmaqla 6 qrupa bölünəcək. Qrup oyunları üç turu əhatə edəcək və yekunda öz qruplarında ilk iki yeri tutan komandalar (12 komanda), eyni zamanda üçüncü yeri tutan komandalardan ən yaxşı göstəricilərə malik dörd komanda (ən çox xal yığan, xallar bərabər olduqda isə ən çox qol vuran komandalar) 1/8 final mərhələsində çıxış etmək hüququ qazanacaq.
    3. 1/8-də məğlub olan komandalar turnirlə vidalaşacaqlar. Rəqiblərindən üstün olan komandalar isə ardıcıllıqla 1/4 və 1/2 final mərhələsində çıxış etmək imkanı qazanacaqlar. Yarımfinalda məğlub olan komandalar üçüncü yer uğrunda mübarizə aparacaqlar, qalib gələn komandalar isə turnirin həlledici final görüşündə üz-üzə gələcəklər.
    4. Yarımfinal mərhələsində komandalar ev və səfər oyunu olmaqla iki dəfə qarşılaşacaqlar. Hər iki oyun eyni meydançada keçiriləcək və oyunlar (ev və ya səfər) nominal xarakter daşıyacaq. Üçüncü yer uğrunda oyun və final görüşü isə bir dəfə keçiriləcək.
    5. Oyunlar MFL MMC tərəfindən tərtib olunmuş təqvimə əsasən keçirilir, təqvimə dəyişikliklər edilə bilər.
    6. Komandalar oyunun başlamasına 15 dəqiqə qalmış oyun keçirilən meydançaya gəlməlidirlər. Oyunun başlanmasına 10 dəqiqə qalmış oyunun protokoluna futbolçuların ad və soyadları yazılmalıdır. Həmin vaxtda komanda bu tələbləri yerinə yetirmədikdə, oyuna gəlməmiş hesab olunur.
       
  12. Meydança
    1. Turnir matçları Gəncə şəhərində yerləşən “Offside” futbol meydançalarında keçiriləcək.
    2. Meydançanın dəyişməsi Təşkilarçı tərəfindən həyata keçirilə bilər.
       
  13. Oyunun təşkili
    1. Oyunlar MFL MMC tərəfindən təşkil olunur.
    2. Komandalar oyunun başlamasından 15 dəqiqə öncə oyun keçirilən meydançaya gəlməlidirlər (Fors – major hallarına rast gəlinərsə, komanda bu haqda təcili MFL MMC nümayəndəsinə məlumat verməlidir. Təşkilatçı bu halları araşdırıb müvafiq qərar verəcək).
    3. Məşqçilər (ən çox iki) və adları oyun üçün hakim protokolunda qeyd olunan oyunçuların ehtiyat skamyalarında oturmalarına və meydança ərazisinə daxil olmasına icazə verilir.
    4. Texniki zonada siqaret çəkmək qadağandır.
    5. Komanda təşkilatçı tərəfindən təyin olunan vaxtda oyuna gəlmədikdə ona Təşkilatçı tərəfindən 0:3 hesablı texniki məğlubiyyət verilir. Eyni hal ikinci dəfə təkrarlanarsa komandaya texniki məğlubiyyət verilir və turnirdən kənarlaşdırılır.
       
  14. Oyun qaydaları
    1. Bütün oyunlar aşağıdakı qaydalara əsasən keçirilir:
      • Oyunlar iki hissədən ibarətdir. Hər hissə 25 (iyirmi beş) dəqiqədir.
      • Hissələrarası fasilə isə 5 (beş) dəqiqədir.
      • Hər komanda hər hissədə bir dəqiqəlik taym aut (qısa fasilə) götürə bilər.
      • Play-off mərhələsində oyun bərabər bitərsə əlavə vaxt təyin olunmadan birbaşa 5 penalti zərbəsi vurulur. 5 zərbədən sonra qalib müəyyən olunmasa, zərbələr qalib müəyyən olunana kimi davam etdirilir. Penalti zərbələrini yalnız sifariş protokolunda qeyd olunmuş oyunçular yerinə yetirirlər. Penalti zərbəsi 6 metrlik məsafədən vurulur.
      • Qayda pozuntusu cərimə meydançasının daxilində baş verərsə penalti zərbəsi təyin olunur. Penalti zərbəsi 6 metrlik məsafədən vurulur.
      • 6 qayda pozuntusundan sonra 10 metrlik nöqtədən zərbə vurulur. Buna səbəb olan qayda pozuntusu həmin 6 folun hesablanmasında nəzərə alınmır.
    2. Oyun zamanı futbolçuların əvəzlənməsi aşağıdakı qaydada həyata keçirilir:
      • Oyun ərzində hər komanda limitsiz əvəzetmədən istifadə edə bilər.
      • Meydançaya daxil olmağa hazırlaşan futbolçu əvəz olunan oyunçunun meydançanı tərk etməsini gözləməlidir.
      • Oyun zamanı əvəzlənmiş futbolçu yenidən meydançaya qayıda bilər.
      • Məşqçi oyunçu qismində çıxış edə bilməz.
         
  15. Oyunun protokolu
    1. Oyundan öncə hər komanda oyunun protokolunu doldurmalıdır.
    2. Protokolda futbolçunun adı, soyadı göstərilməlidir. Həmçinin oyun zamanı ehtiyatda olan şəxslərin adları, soyadları və vəzifələri yazılmalıdır. Oyun protokolu hər iki komandanın kapitanları tərəfindən imzalanmalıdır.
    3. Komandalar oyundan ən azı 10 dəqiqə öncə protokolu MFL nümayəndəsinə təqdim etməlidirlər.
    4. MFL nümayəndəsi oyundan öncə protokolda göstərilən bütün şəxsləri yoxlayır.
       
  16. Oyunlarda iştirakdan imtina
    1. Komanda oyunda iştirak etməkdən imtina edərsə və ya ciddi səbəb olmadan oyuna təyin olunmuş  vaxtda gəlməsə, ona Təşkilatçı tərəfindən 0:3 hesablı texniki məğlubiyyət verilir və Turnirdən kənarlaşdırılır (səbəbindən asılı olmayaraq).
       
  17. Oyunların təxirə salınması
    1. Aşağıda göstərilən hallarda komanda oyunun təxirə salınması ilə bağlı müraciət edə bilər:
    2. Meydança yararsız vəziyyətdə olduğu halda
    3. Fors-major hallar (baş verməsi əvvəlcədən ehtimal edilməyən və müvafiq şəraitdə qarşısının alınmasının mümkün olmaması nəticəsində şəxslərin öz öhdəliklərini yerinə yetirməsinə maneçilik törədən, ləngidən fövqəladə hallar, təbii fəlakətlər, yaxud ictimai-siyasi hadisələr)
    4. Oyunun təxirə salınması və başqa vaxtda keçirilməsi barədə iki komandanın razılığı olarsa, bu barədə Təşkilatçıya ən azı oyundan bir gün öncə xəbər verilməlidir. Təşkilatçının razılığı ilə təxirə salınmış oyun digər vaxtda keçirilə bilər. Lakin bu oyun növbəti mərhələnin oyunlarının başlamasına qədər keçirilməlidir. Oyunla bağlı bütün xərclər (meydançanın icarəsi, təşkilatı xərclər və s) komandaların hesabına ödəniləcək. Xərclərin həcmi Təşkilatçı tərəfindən təyin edilir.
       
  18. Hakimlik və nəzarət
    1. Liqanın oyunlarına AFFA və MFL MMC-nin nümayəndələri nəzarət edirlər.
    2. MFL MMC-nin nümayəndəsinin səlahiyyətinə oyunun keçirilməsi, ona nəzarət etmək daxildir.
    3. AFFA nümayəndəsinin səlahiyyətinə oyuna nəzarət və hakimlər briqadasının işinə qiymət vermək daxildir.
    4. Oyunları AFFA tərəfindən təyin edilmiş hakimlər idarə edir, hakimlik FİFA oyun qaydaları əsasında həyata keçirilir.
    5. Hakimlərin işinə nəzarəti AFFA həyata keçirir.
    6. Hakimlərin qonorarı AFFA tərəfindən ödənilir.
    7. Komandalar tərəfindən hakimlərin dəyişdirilməsi ilə əlaqədar tələblər qəbul olunmur.
       
  19. MFL-in intizam qərarları
    1. Bütün qırmızı vərəqələrə MFL MMC və AFFA tərəfindən baxılır.
    2. Oyun zamanı və oyundan sonra baş verən insidentlərlə bağlı bütün qərarları MFL MMC və AFFA qəbul edir.
    3. Komandalar və oyunçular qərarlar əsasında cəzalandırıla bilər.
       
  20. Sarı və qırmızı vərəqələr
    1. İki ardıcıl sarı kart (qırmızı vərəqəyə çevrilir) alan eyni oyunçu meydanı tərk edir.
    2. Meydanı tərk edən oyunçunun cəzası olduğu hissəyə şamil edilir. Oyunçu cəzanı birinci hissədə alıbsa, ikinci hissədə onun əvəzinə digər oyunçu meydançaya daxil ola bilər. Lakin qırmızı kart alan oyunçu oyunun sonunadək meydançaya daxil ola bilməz. Oyunçu iki sarı (qırmızı) kartı ikinci hissədə aldığı təqdirdə komanda oyunun sonuna kimi azlıqda oynayır.
    3. Ümumilikdə komandanın 3 oyunçusu meydançada qaldıqda həmin komandaya texniki məğlubiyyət verilir.
    4. Alınan bütün sarı və qırmızı vərəqələrə görə öhdəlik klubun üzərinə düşür (növbəti mərhələni buraxmalı olan oyunçu oyunda iştirak edərsə, komandaya texniki məğlubiyyət verilir və Turnirdən kənarlaşdırılır).
    5. Oyunçu oyunda iki sarı vərəqə (qırmızı) alıbsa, komandası növbəti mərhələyə keçəcəyi təqdirdə növbəti oyunu buraxır. Oyunçu birbaşa qırmızı vərəqə alıbsa komandası növbəti mərhələyə keçəcəyi təqdirdə o növbəti iki oyunu buraxa və ya Turnirdən kənarlaşdırıla bilər. Həmin qərar Təşkilatçı (MFL MMC) tərəfindən verilir.
    6. Turnir ərzində üç sarı vərəqə alan oyunçu növbəti oyunu buraxır.
       
  21. Etirazlar
    1. Etiraz verən kapitan oyundan dərhal sonra bu barədə MFL MMC-nin nümayəndəsini xəbərdar etməlidir.
    2. Etirazın verilməsi oyunun protokolunda öz əksini tapmalıdır. Bütün qeydlər yazılı şəkildə oyundan sonra protokolda əks olunmalıdır və komanda kapitanının imzası ilə təsdiqlənməlidir.
    3. Oyunun gedişində ciddi münaqişələr baş verərsə, oyun dayandırıla bilər.
    4. Etirazlara aşağıdakı hallarda baxılmır:
      • Penalti cərimə zərbələrinin təyin olunması
      • Topun qapıdan keçib-keçməməsi barədə
         
  22. Futbolçuların sağlamlığının qorunması
    1. Turnirdə iştirak edən futbolçuların sağlamlığının qorunması üçün oyunlarda həkimlər də iştirak edir.
    2. Həkimlər MFL MMC tərəfindən təyin edilirlər.
       
  23. Mükafatlandırma
    1. Liqada ilk 3 yeri tutan komandaların futbolçuları və baş məşqçiləri müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla və diplomla təltif olunacaq.
    2. Qalib (1-ci yeri qazanmış), 2-ci və 3-cü yeri tutan komandalar Təşkilatçı tərəfindən pul mükafatı əldə edəcək. Pul mükafatının məbləği Təşkilatçı tərəfindən müəyyən edilir.
       
  24. Müəllif hüquqları
    1. Turnirin işıqlandırılması (video və foto çəkilişin aparılması, onların mediada dərc olunması) üçün MFL MMC-dən tərəfindən əvvəlcədən xüsusi razılıq alınması mütləqdir.
    2. Turnirlə bağlı yaranmış bütün əqli mülkiyyət (komandalara aid adlar və qrafik simvollar istisna olmaqla) MFL MMC-yə məxsusdur və onun yazılı şəkildə icazəsi alınmasa istifadə oluna bilməz.
    3. Turnir başlamamışdan öncə bütün komandalar reqlamentlə tanış olurlar və orada qeyd olunan şərtlərlə razı olduqlarını öz imzaları ilə təsdiq edirlər.
       
  25. Xüsusi şərtlər
    1. Turnirdə iştirak edən komandalar iştirakçıların şəxsiyyət vəsiqələrinin surətini (hər iki tərəf) turnirin qeydiyyata alınması üçün yarış başlamazdan 1 gün əvvələdək AFFA-nın Kütləvi Futbol departamentinə təqdim etməlidirlər. Əks təqdirdə AFFA tərəfindən oyunlara hakim təyinatı dayandırılacaq.
    2. Turnirdə oyunlar zamanı AFFA-nın İntizam Komitəsi tərəfindən sanksiya tətbiq edilmiş (AFFA bayrağı altında təşkil olunan yarışlarda iştirakdan məhrum edilmiş) oyunçular aşkarlanarsa, oyun hakim tərəfindən ləğv ediləcək və həmin komandaya texniki məğlubiyyət veriləcəkdir.