close

“Surə Su MFL Kuboku” turnirinin püşkatma mərasimi keçirilib - FOTO

27 Aprel 2021

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan MFL tərəfindən təşkil edilən yeni turnirin - “Surə Su MFL Kuboku”nun startına sayılı günlər qalıb.

Aprelin 26-da yeni mövsümün açılış turnirinin püşkatma mərasimi keçirilib.

MFL-in Facebook səhifəsi ilə canlı yayımlanan mərasimdə MFL-in direktoru Vüqar Nadirov, turnirin rəsmi tərəfdaşı olan “Surə Su” şirkətinin təsisçisi və direktoru Rüfət Həsənov iştirak ediblər.

MFL-in direktoru Vüqar Nadirov MFL-in gələcək fəaliyyəti və turnirlə bağlı fikirlərini bölüşüb:

“Çalışacam ki, həm MFL-də, həm də meydançada drüstlük, ədalət olsun, güclü olan komanda qalib gəlsin. Turnirdə iştirak edən komandalara uğurlar arzu edirəm. Qarşıda bizi yeni-yeni turnirlər gözləyir. Tək Bakıda deyil, Gəncə şəhərində də turnir təşkil etməyi, bundan başqa uşaqlar arasında da turnirlərin keçirilməsini planlaşdırırıq”. 

“Surə Su” şirkətinin təsisçisi və direktoru Rüfət Həsənov turnirin uğurlu olacağına inandığını vurğulayıb:

“Bu bir başlanğıcdır. “Surə Su” olaraq Azərbaycanda futbolun inkişafına öz dəstəyimizi vermək istədik. Turnirin uğurlu olacağını, oyunların maraqlı, gərgin mübarizə şəraitində keçəcəyini və sonda layiq olan komandanın çempion olacağını düşünürəm”. 

Çıxışlardan sonra “Surə Su MFL Kuboku”nun püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticəsində Turnirdə çıxış edən 16 komanda hər birində 4 komanda olmaqla 4 qrupa bölünüblər. Qrupları təqdim edirik:

A qrupu: “Maisan”, “Galaxy FK”, “TCS”, “Ceyhun FK”

B qrupu: “Sputnik”, “Borçalı FK”, “Khazar FC”, “Bizon Energy”

C qrupu: “Beerbaşa”, “Khansport”, “İsma Baku”, “Hövsan OİK” 

D qrupu: BOS Shelf, “Darul Hikmət”, “Peçat Dönər”, “Qaradağ Lökbatan”.

Qeyd edək ki, qrup oyunları üç turu əhatə edəcək və yekunda öz qruplarında ilk iki yeri tutan komandalar 1/4 final mərhələsində çıxış etmək hüququ qazanacaqlar. 1/4 (8 oyun) və 1/2 (4 oyun) final mərhələsində komandalar ev və səfər oyunu olmaqla iki dəfə qarşılaşacaqlar. Üçüncü yer uğrunda oyun və final görüşü isə bir dəfə keçiriləcək.

Turnirin qalibi olan komanda pul mükafatı, kubok və medallarla, ikinci və üçüncü yerləri tutan komandalar isə pul mükafatı və medallarla  mükafatlandırılacaqlar.

Onu da bildirək ki, turnirin oyunları Bakı Olimpiya Stadionunun ərazisində yerləşən MFL ARENA idman kompleksinin meydanlarında keçiriləcək.

SPONSORLAR