close

“Surə Su MFL Kuboku”nda ilk turun oyunları keçirildi - NƏTİCƏLƏR

29 Aprel 2021

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan MFL-də yeni mövsümə start verildi.

Aprelin 27-də futbol həvəskarlarının böyük səbirsizliklə gözlədiyi “Surə Su MFL Kuboku”nda ilk turun oyunları keçirilib. Gözlənildiyi kimi, görüşlərik əksəriyyəti gərgin mübarizə şəraitində keçib.

A qrupunda meydana ilk olaraq “Maisan” və “Galaxy FK” komandaları çıxıblar. Rəqibindən üstün olan “Galaxy FK” 6:2 hesabı ilə qalib gələrək meydandan üç xalla ayrılıb. Qrupun digər qarşılaşmasında da eyni hesab qeydə alınıb. Belə ki, “TCS” komandasının altı qoluna “Ceyhun FK” iki qolla cavab verib.

İlk turdan sonra A qrupuna “Galaxy FK” və “TCS” komandaları başçılıq edirlər. Sonrakı yerlərdə “Maisan” və “Ceyhun FK” komandaları qərarlaşıb.

B qrupunda MFL-də debüt edən “Borçalı FK” komandası 9:1 hesabı ilə “Sputnik”-i darmadağın edərək ilk turdan qızıl medallar uğrunda mübarizə aparacağının siqnalını verib. Qrupun digər oyununda “Khazar FC” və “Bizon Energy” üz-üzə gəlib. Hərəyə iki dəfə fərqlənən komandalar meydandan sülhlə ayrılıblar.

İlk turdan sonra “Borçalı FK” B qrupunun vahid lideridir. “Khazar FC” və “Bizon Energy” komandaları müvafiq olaraq ikinci və üçüncü, “Sputnik” komandası isə sonnucu – dördüncü sırada qərarlaşıb.

C qrupunda MFL-in güclü komandalarından hesab olunan “Beerbaşa” debütant “Khansport”a heç bir şans verməyib – 9:0. Qrupun digər görüşündə isə “İsma Baku” rəqibi “Hövsan OİK”in qapısından beş cavabsız top keçirib.

İlk turdan sonra “Beerbaşa” C qrupunun ilk pilləsini ələ keçirib. Top fəqinə görə ondan geri qalan “İsma Baku” ikinci, “Hövsan OİK” və “Khansport” isə müvafiq olaraq sonrakı sıraları tuturlar.

D qrupunda “Peçat Dönər” - “Qaradağ Lökbatan” komandalarının görüşü də olduqca gərgin mübarizə şəraitində keçib. Sonda rəqibinə 2:1 hesabı ilə qalib gələn “dönərçilər” turnirə qələbə ilə başlamağı bacarıblar. Qrupun digər qarşılaşmasında isə BOS Shelf “Darul Hikmət”dən üstün olub – 7:3.

İlk turdan sonra D qrupunda da ikitirəlikdir. Top fərqinə görə üstün olan BOS Shelf qrupa başçılıq edir. “Peçat Dönər” ikinci, “Qaradağ Lökbatan” üçüncü, “Darul Hikmət” komandası isə sonuncu pillədə qərarlaşıb.

Turnirin bombardirləri siyahısına TCS komandasının oyunçusu İlkin Vəlizadə başçılıq edir. O, ilk turda rəqib komandanın qapısından 5 top keçirib. BOS Shelf-dən Xaqani Məmmədov, “İsma Baku”dan Nəsib Əliyev isə hərəyə 3 dəfə fərqləniblər.

Qeyd edək ki, qrup oyunları üç turu əhatə edəcək və yekunda öz qruplarında ilk iki yeri tutan komandalar 1/4 final mərhələsində çıxış etmək hüququ qazanacaqlar. 1/4 (8 oyun) və 1/2 (4 oyun) final mərhələsində komandalar ev və səfər oyunu olmaqla iki dəfə qarşılaşacaqlar. Üçüncü yer uğrunda oyun və final görüşü isə bir dəfə keçiriləcək.

Turnirin qalibi olan komanda pul mükafatı, kubok və medallarla, ikinci və üçüncü yerləri tutan komandalar isə pul mükafatı və medallarla  mükafatlandırılacaqlar.

SPONSORLAR