close

Vüqar Nadirov Gəncə şəhidlərinin xatirəsini yad edib - FOTO - VİDEO

16 Avqust 2021

“MFL Gəncə Kuboku - 2021” turniri ilə bağlı Gəncəyə səfər edən MFL-in Direktoru Vüqar Nadirov 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib.

Mülki əhaliyə yönələn terror aktının səbəb olduğu dağıntı və itkilərlə yerində tanış olan V.Nadirov erməni terroru nəticəsində həlak olan həmvətənlərimizin əziz xatirəsini yad edib, raket düşən əraziyə gül qoyub.

Qeyd edək ki, Baş Prokurorluğun 2020-ci il noyabrın 16-da açıqladığı rəqəmlərə görə, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın şəhərlərinə raket atəşi nəticəsində 94 dinc sakin həlak olub, 414 nəfər isə yaralanıb.

Ermənilərin Azərbaycanın şəhərlərini atəşə tutması nəticəsində həlak olanlar arasında azyaşlı uşaqlar da var.

Müharibə dövründə erməni caniləri Azərbaycanın ikinci böyük şəhəri, cəbhə bölgəsindən xeyli aralı yerləşən Gəncə şəhərini bir neçə dəfə artilleriya atəşinə tutublar. Bunlardan ən dəhşətlisi 17 oktyabr tarixində baş verib. Düşmənin silahlı qüvvələrinin gecə saat 01:00 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən Cavadxan qəsəbəsini raket atəşinə tutması nəticəsində 15 nəfər şəhid olub, 48 nəfər isə yaralanıb. Həlak olanlardan 6-sı kişi, 4-ü qadın, 5-i isə azyaşlıdır.

SPONSORLAR