Sentyabrın 4-də Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan MFL tərəfindən təşkil edilən “MFL Gəncə Kuboku - 2021” turnirində yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
“Qarayeri” ilk oyunda 3:3 hesablı bərabərliklə ayrıldığı “Avrora Gəncə”ni qonaq edib. Olduqca gərgin mübarizə şəraitində keçən qarşılaşmada yenə bərabərlik qeydə alınıb. Əvvəlki görüşdən fərqli olaraq bu dəfə komandalar rəqib qapısına yol tapa bilməyiblər – 0:0. Nəticədə cütün qalibi penaltilər seriyasında müəyyənləşib. Burada 5:4 hesabı ilə rəqibini üstələyən “Avrora Gəncə” finala vəsiqəni təmin edib.
Digər yarımfinal mərhələsinin cavab görüşündə “Best Dental Clinic”lə “Dinamo Gəncə” komandaları üz-üzə gəlib. İlk oyunda rəqibinə 9:3 hesabı ilə qalib gələn “Dinamo Gəncə” bu dəfə meydandan 11:4 hesablı qalibiyyətlə ayrılıb.
Sentyabrın 5-də yarımfinalda məğlub olan “Qarayeri” ilə “Best Dental Clinic” üçüncü yer uğrunda oyuna çıxıblar. Meydandan 5:3 hesabı ilə qalib ayrılan “Qarayeri” komandası bürünc medallara sahib çıxıb.
Turnirin həlledici final görüşündə isə “Avrora Gəncə” ilə “Dinamo Gəncə” komandaları üz-üzə gəlib. Rəqibinə 3:1 hesabı ilə qalib gələn “Dinamo Gəncə” komandası turnirin qalibi olub.
Turnirin bombardiri adına rəqib qapılarından 22 top keçirən Rasim Qurbanov (“Avrora Gəncə”) layiq görülüb.
Final oyunundan sonra mükafatlandırma mərasimi keçirilib. Tunirin qalibi olan “Dinamo Gəncə” komandası kubok və qızıl medallarla yanaşı 750 manat pul mükafatına da sahib çıxıb.
Turniri ikinci yerdə başa vuran “Avrora Gəncə”yə gümüş medallar və 500 manat pul mükafatı, üçüncü yeri tutan “Qarayeri” komandasına isə bürünc medallar və 250 manat pul mükafatı təqdim olunub.
Beləliklə, MFL-in Gəncədə təşkil etdiyi ikinci turnirə də uğurla yekun vurulub.